ABŞ-ın “Anhoyzer-Buş” şirkəti argentinalı futbolçu Lionel Messinin İspaniyanın “Barselona” klubunda qol vurduğu qapıçılara öz istehsal etdiyi “Budvayzer” pivəsini paylamağa başlayıb.
Belə ki, şirkət Messinin “Barselona”da vurduğu 644 qolun hər birinin sayına görə pivə paylama aksiyasına başlayıb. Pivələr 1-dən 644-ə kimi sıralanıb.
Pivə göndərilən futbolçular arasında “Yuventus”dan Canluici Buffon (2017-ci ildə Çempionlar Liqasında Messi ona iki qol vurub), Madrid “Atletiko”sunun sloveniyalı qolkiperi Yan Oblak (Messi ona 11 qol vurub), “Çelsi”nin ispaniyalı əlcək ustası Kepa Arisabalaqa (Bilbao “Atletik”ində oynadığı vaxt 2017/18 mövsümündə ona iki qol vurub), “Flamenqo”nun braziliyalı qapıçısı Dieqo Alves (2011-2017-ci illərdə “Valensia”da çıxış etdiyi vaxt ona da qol vurub), Madrid “Real”ının eks qapıçısı İker Kasilyas (Messidən 17 qol buraxıb) və “Valyadolid”in qapıçısı Jordi Masip də var.
Qeyd edək ki, iki gün əvvəl Lionel Messi “Valyadolid”ə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyunun 65-ci dəqiqəsində üçüncü qolunu vurub. Bu, Messinin “Barselona”da vurduğu 644-cü qol olub. Bununla da o, braziliyalı Pelenin bir klubda ən çox qol vuran futbolçu rekordunu qırıb. Pele isə 1956-1974-cü illərdə Braziliyanın “Santos” klubunda 643 qol vurmuşdu.
Səbuhi Musayev