"Milan" və "İnter" klublarının 2031/2032-ci il mövsümünədək istifadəyə verilməsi planlaşdırılan yeni stadionu əfsanəvi "San-Siro"nu əvəz edəcək. Arena "Generali Stadium" adlandırılacaq.
Oxu.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, buna Avropanın ən böyük sığorta şirkətlərindən biri olan "Assicurazioni Generali" ilə imzalanan müqavilə imkan yaradıb. Belə ki, şirkət stadionun ad hüquqlarını əldə edib.
Mənbənin məlumatına görə, təxminən 20 il müddətinə nəzərdə tutulan uzunmüddətli müqavilə hər iki kluba ümumilikdə 650 milyon avroya yaxın gəlir gətirəcək. "Milan" və "İnter" nümayəndələri bu sazişi dünya futbolunda ən əhəmiyyətli sövdələşmələrdən biri kimi qiymətləndirirlər.
Bununla yanaşı, beynəlxalq oyunlar zamanı stadionun adı dəyişdiriləcək. Belə matçlarda arena "Generali Stadium" əvəzinə "Milano Stadium" adlandırılacaq. Bu zaman sponsorun adına istinad edilməyəcək.