Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Millət vəkili: Qurban Qurbanov Azərbaycan millisinə gəlsə, ona nifrət edəcəm!
Berti Foqtsun istefa verməsindən sonra Azərbaycanın futbol məkanında sevinc, eyni zamanda bir çaxnaşma da sezilir. Çoxları sevindikləri halda, həm də dərindən düşündürən və narahat edən bir sual da beyinlərini “gəmirir”: “Foqtsun yerinə kim gələcək bəs?!” Futbol həvəskarı, millət vəkili Aqil Abbas da bu mövzu haqqında öz fikirlərini dilə gətirdi.
Oxu.Az xəbər verir ki, Milli.Az-a açıqlaması zamanı onun bildirdiyinə görə, Foqtsun istefası doğru və gecikmiş addım idi:
“Berti istefanı 5 il əvvəl verməli idi, indi yox. Onun yerinə gələcək kifayət qədər yaxşı yerli məşqçilərimiz var. AFFA xaricdən istedadlı, Azərbaycan futbolunu anlayan bir məşqçi də gətirə bilər. Bu, istisna hal deyil. Amma ümid edirəm ki, yeni gələn əcnəbi məşqçi də Foqts kimi xaricdə oturub milli komandanı skype vasitəsilə idarə etməyəcək. Əgər Azərbaycana əcnəbi məşqçi gəlirsə, canı çıxmalıdır, burada da oturub yaşamalıdır. Foqts deyə bilərəm ki, ancaq pul üçün burada idi və onu Azərbaycana bağlayan yeganə səbəb pul idi”.
Daha sonra Aqil Abbas Foqtsun yerinə ən real namizəd kimi göstərilən Qurban Qurbanov haqqında da danışdı: “Qurban Qurbanov Azərbaycan millisinə baş məşqçi kimi gəlsə, ona nifrət edəcəm! O, mənim sevdiyim adamdır, super məşqçidir. Çünki bir adam yalnız bir yerdə oturar və missiyasını sona çatdırar. Yarımçıq buraxmaq olmaz işi. Fatih Terim niyə zay oldu? Getdi ora-bura, “imperator” adını da itirdi, qayıtdı ölkəsinə. Qurban milliyə getsə, “Qarabağ” məhv olacaq. Ancaq o, hər iki postda işləyə bilər. Onda bu bacarıq var”.