“Portuqaliya önünə sabah təxminən Dublindəki heyətlə meydana çıxacağıq. Düzdür, start heyətdən bəzi oyunçularımız - Maksim Medvedev və Anton Krivotsyuk bu matçda bizə kömək edə bilməyəcək”.
Oxu.Az-ın xəbərinə görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.
“Ümid sonda ölür. İrlandiyanın İngiltərə Premyer Liqası və Çempionşipdə oynayan futbolçuları vardı. Biz onlara qarşı yaxşı oyun göstərməyi bacardıq. Düşünürəm ki, Portuqaliyaya qarşı da belə oynamaq mümkündür.
Biz qrupda sonuncu olsaq da, sonadək mübarizə aparacağıq. Mənim İtaliyadakı müsahibəm düzgün yozulmadı. Mən demişdim ki, Portuqaliya və Serbiya qrup birincisi olmaq üçün, biz, İrlandiya və Lüksemburq isə üçüncü olmaq üçün mübarizə aparacaq.
Kriştianu Ronaldunun olmaması Portuqaliyanın gücünü azaltmayacaq. Çünki bu komandada “Mançester Yunayted”, “Mançester Siti”, PSJ, “Liverpul”da oynayan futbolçuları var.
Yeri gəlmişkən, Fernandu Santusun mənə 1 butulka içki borcu var. Çünki 2014-cü ildə Albaniyanın Portuqaliyanın 1:0 məğlub etməsindən sonra orada baş məşqçi dəyişikliyi oldu və Fernandu ora təyin olundu. Ümid edirəm ki, bu matçda da ona qalib gələcəyəm”, - deyə Canni De Byazi deyib.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya görüşü sabah saat 20:00-da başlayacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi Musayev