Futzal üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı ərizələrin verilməsi prosesi yanvarın 21-də başa çatıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 12-də başlayan bu prosesə yeddi futbol assosiasiyasından maraq olub.
Belə ki, Bosniya və Herseqovina, Qazaxıstan, Litva, Hollandiya, Portuqaliya, Fransa və İsveç 2022-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək istədiklərini bildirib. Bu federasiyalar mayın 30-dək yekun iştirak dosyesini UEFA-ya göndərməlidir. UEFA sentyabrın 24-də meydan sahibinin adını açıqlayacaq.
Qeyd edək ki, bunadək Avropa çempionatı iki ildən bir keçirilirdi. Əvvəl final mərhələsində səkkiz milli iştirak edirdisə, 2010-cu ildən bu rəqəm 12-yə qaldırılmışdı.
2022-ci ildəki qitə birinciliyində ilk dəfə 16 komanda iştirak edəcək.
Futzal millimiz 2010-cu ildən bəri bu turnirdə ardıcıl beş dəfə mübarizə aparıb.
Səbuhi MUSAYEV