“Məşq etdiyimiz yer Dənizkənarı bulvar deyil. O, Eltun Yaqublunun yaşadığı binanın qarşısıdır. Ora park da deyil, yol kənarıdır”.
Bunu Oxu.Az-a millimizin və “Zirə” klubunun futbolçusu Ağabala Ramazanov deyib.
27 yaşlı hücumçu “Səbail”də oynayarkən komanda yoldaşı olmuş Eltun Yaqublu ilə birgə gecə saatlarında məşq edib. Yaqublu bunu “Instagram” hesabında paylaşıb. Bununla da, onların karantin qaydalarını pozduğu aşkara çıxıb.
Lakin A.Ramazanov karantini pozmadıqlarını bildirir:
“İdmansız qalmaq çox çətindir. Bu rejimə öyrəşməmişik. Əvvəl çox məşq edəndə “yoruldum” deyirdik. İndi isə o məşqlərin qədrini bilirik. Məşqsiz qalmaq olmur. Amma neyləməliyik ki?..
Məndə artıq çəki problemi olmur. Heç vaxt kökəlmirəm. Uşaqlar həmişə deyir ki, kaş biz də sənin kimi olaydıq”.
O, boş vaxtlarında nə ilə məşğul olmasından da danışıb:
“Klubun onlayn məşqlərindən başqa, uşağımı arada həyətə çıxarıb gəzdirirəm. Atalıq hissini yaşayıram. Kinolara baxıram. “PlayStation” oynamaqla isə aram yoxdur”.
Ağabala Ramazanov dünənki məşqdən sonra xəstələndiyini bildirib. O, zarafatından da qalmayıb:
“Xəstələnmişəm, boğazım ağrıyır. Deyəsən, koronavirusa yoluxmuşam”.
Qeyd edək ki, hər iki futbolçunun karantini pozmasına dair ilk videonu sportnet.az saytı yayıb.
Səbuhi Musayev