Milyarder maliyyəçilər - Mark Uolter və Todd Boli "Çelsi" futbol klubundakı səhmlərini əsas sahib olan "Clearlake Capital" şirkətinə satmaq barədə razılığa gəlmək üzrədirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, son həftələr ərzində investorlar arasında danışıqlar daha da intensivləşib. Klubun təxminən 25% səhminə şərikli sahib olan Uolter və Boli bu əməliyyatdan kiçik gəlir əldə edərək prosesi yekunlaşdırmağı planlaşdırırlar.
Xatırladaq ki, "Clearlake Capital" investisiya fondu hazırda "Çelsi"nin 61.5% səhminə nəzarət edir. Bu pay 2022-ci ildə Boli ilə birlikdə Roman Abramoviçdən 2.5 milyard funt-sterlinqə (3.4 milyard dollar) alınmışdı.
"Bloomberg"in bildirdiyinə görə, Mark Uolterin öz aktivlərinə yenidən baxmasının səbəbi ABŞ hökumətinin onun "TWG Global" holdinqinə qarşı başlatdığı federal araşdırmadır. Bu yoxlama 20 milyard dollarlıq gizlədilmiş affilyasiya kreditləri ilə bağlıdır. Hələlik rəsmi ittiham irəli sürülməsə də, iş adamı balanslarını mərhələli şəkildə təmizləməyə başlayıb və bu yaxınlarda NBA-in "Los-Anceles Leykers" klubundakı payını da satıb.