Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, mövsümün son turu formal xarakter daşıyır.
Belə hesabında 63 xal olan “Qarabağ” artıq çempionluğunu rəsmiləşdirib. Qurban Qurbanovun yetirmələri ardıcıl altıncı, ümumilikdə yeddinci dəfə Azərbaycan çempionu adını qazanıb.
“Neftçi” ikinci (58), “Səbail” (41) isə mövsümü üçüncü yerdə başa vurub. Hesabında 20 xal olan “Keşlə” sonuncu pilləni tutaraq I diviziona düşüb.
Sonuncu turun açılış matçında “Səbail” “Keşlə”ni qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 15:00-da başlayacaq.
Daha iki oyun isə saat 16:00-da start götürəcək – “Sumqayıt” “Qəbələ” ilə, “Sabah” isə “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək.
Mövsümə saat 18:00-da başlayacaq “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Artıq hər şeyin bəlli olmasına baxmayaraq, əzəli rəqiblərin qarşılaşması maraqla gözlənilir.
Oyundan öncə PFL ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslərin cəzalandırılacağı barədə xəbərdarlıq edib.
Bu oyundan sonra isə 2018-2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Rəylər