“Gənclər və İdman Nazirliyinin (AGİN) apardığı islahatlardan biri də eyni istiqamətli federasiyaların, ictimai birliklərin, klubların vahid assosiasiya tərkibində fəaliyyət göstərməsidir”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq AGİN-dən bildirilib.
Qeyd edilib ki, federasiyaların sayının həddən çox olması bu gün aktual problemlərdən biridir: “Nazirlik Aikido Aikikai İctimai Birliyinə də digər oxşar ictimai birliklər kimi Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasına daxil olmağı tövsiyə edir”.
Xatırladaq ki, Azərbaycan Aikido Aikikai İctimai Birliyinin sədri İlham Quliyev “Report”a açıqlamasında federasiya statusu almaq üçün Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etdiklərini söyləyib:
“Müsabiqə elan olunub, biz də sənədlərimizi təqdim etmişik. Bununla bağlı çalışmalarımızı yenə də davam etdiririk”.
Məsələ ilə bağlı “Report”un sorğusunu cavablandıran Beynəlxalq Aykido Federasiyasının prezidenti Vilko Vrismann da Bakıya məhz bu məqsədlə gəldiyini söyləyib:
“Burada olmağımın səbəbi elə bu imkanı yaratmaqdır. Beynəlxalq Aykido Federasiyası olaraq nazirliklə görüşün mümkünlüyünü araşdırdıq, amma cavab almamışıq. Bu idman növü beynəlxalq standartlara cavab verir. Milli federasiya statusu yalnız beynəlxalq federasiyaya üzv olan təşkilatlara verilir. Azərbaycan Aykido Federasiyası da Beynəlxalq Aykido Federasiyasının tamhüquqlu üzvüdür”.
Qeyd edək ki, 2022-ci ilin martında Azərbaycan Aykido Federasiyasının statusu Gənclər və İdman Nazirliyi tərəfindən dayandırılıb.
13:40
“Federasiyanın statusunun bərpası üçün Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etmişik. Ancaq nazirliyin aykidoya federasiya statusu vermək fikri yoxdur”.
Oxu.Az xəbər verir ki, Azərbaycan Aikikai Aikido Federasiyasının prezidenti İlham Quliyev deyib.
O bildirib ki, tələb olunan bütün sənədləri nazirliyə təqdim etmələrinə baxmayaraq, konkret cavab ala bilmirlər:
“Müsabiqə elan olunub, biz də sənədlərimizi təqdim etmişik. Bununla bağlı dəfələrlə müraciət ünvanlamışıq. Sənədlərə baxsaq, federasiya statusu verilməsi vacib olan yeganə qurum, bəlkə də, bizim təşkilatdır. Bununla bağlı çalışmalarımızı yenə də davam etdiririk”.
Bakıda olan Beynəlxalq Aikido Federasiyasının prezidenti Vilko Vrisman da ölkəmizə məhz bu məqsədlə gəldiyini söyləyib:
“Burada olmağımın səbəbi elə bu imkanı yaratmaqdır. Bu, o demək deyil ki, hazırda bunu etməyin düzgün vaxtıdır. Beynəlxalq Aikido Federasiyası olaraq nazirliklə görüşün mümkünlüyünü araşdırdıq, amma cavab almamışıq. Bu idman növü beynəlxalq standartlara cavab verir. Milli federasiya statusu yalnız beynəlxalq federasiyaya üzv olan təşkilatlara verilir. Azərbaycan Aikikai Aikido Federasiysı da Beynəlxalq Aikido Federasiyasının tamhüquqlu üzvüdür”.
Qeyd edək ki, 2022-ci ilin martında Azərbaycan Aikido Federasiyasının statusu Gənclər və İdman Nazirliyi tərəfindən dayandırılıb.