Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranın dopinqə istifadəsi ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, əfsuslar olsun ki, 6 ağırlıqqaldıranımız dopinqə düşərək diskvalifikasiya olunub.
Gənclər və İdman Nazirliyi bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır:
“Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq”.
Nazirliyin nümayəndəsi vurğulayıb ki, idmançıların təlim-məşq toplanışlarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır:
“Əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək”.
Nazirliyin sözçüsü qeyd edib ki, Beynəlxalq Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apellyasiyaya verərək öz hüquqlarını müdafiə etmək imkanı var.
Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Elxan Əliquluzadə, Silviya Angelova, Firidun Quliyev, Valentin Xristov və İntiqam Zairovu hərəyə 8 il, Dadaş Dadaşbəylini isə 4 il müddətinə bütün yarışlardan kənarlaşdırıb.
E.Ə.
www.oxu.az