Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

NBA-da qanlı matç: "Nyu-York Niks"in basketbolçusu ciddi zədə aldı
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsinin ikinci raundunda "Boston Seltiks" və "Nyu-York Niks" arasında gərgin qarşılaşma baş tutub. "Seltiks"in ev meydanında keçirilən oyun ev sahiblərinin 127:102 hesablı qələbəsi ilə başa çatıb, lakin bu uğur qonaq komandanın oyunçusunun ciddi zədəsi ilə kölgələnib.
Oxu.Az bu barədə "Çempionat"a istinadla xəbər verir.
İnsident "Niks"in hücumçu müdafiəçisi Coş Hartın rəqibin səbətinə doğru keçid etməyə çalışdığı anda baş verib. Bu zaman "Seltiks"in mərkəz oyunçusu Lük Kornet onun qarşısını almağa çalışarkən dirsəyi ilə Hartın üz nahiyəsinə güclü zərbə endirib. Toqquşma oyunçunun üzündə ciddi qanaxmaya səbəb olub. Zərərçəkənə dərhal tibbi yardım göstərilib.
Aldığı ağır zədəyə baxmayaraq, Coş Hart oyunu davam etdirib və 24 xal toplayaraq "Niks"in heyətində ən məhsuldar basketbolçu olub.