Dünən “Neftçi”nin futbolçusu Araz Abdullayevin maşını ilə avtoxuliqanlıq etdiyi zaman polis tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Neftçi” klubu bu mövzu ilə bağlı narahatçılığını dilə gətirib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu hadisə ilə bağlı bəzilərinin “Neftçi” klubunu günahkar bildiyini vurğulayıb:
“Araz Abdullayevin maşınının cərimə meydançasına salınması mövzusu yenə gündəmi zəbt edib. Əvvəla nəzərinizə çatdırım ki, gündə onlarla maşın cərimə meydançasına aparılır. Araz Abdullayevin avtoxuliqanlıq etdiyi iddiası da var.
Bizdə olan məlumata görə Arazın maşını qadağan olunmuş siqnala görə cərimə meydançasına aparılıb. Arazın qayda pozuntusuna görə bəziləri “Neftçi” PFK-nı günahlandırır. Maraqlıdır, Araz Abdullayev qaydanı pozubsa, “Neftçi” nə etsin? Biz Araz Abdullayevin bazanın divarları və yaşıl meydançadakı hərəkətlərinə görə cavabdehlik daşıyırıq.
Araz Abdullayevin guya avtoxuliqanlıq etdiyi barədə video da yayılıb. Bəli, maşın həmin maşındır. Amma, sürən Araz deyil. Bu görüntülər 3-4 il əvvələ aiddir. O zaman bu avtomobil Araza məxsus olmayıb. Bu hərəkəti edəni Araz kimi təqdim etmək nəyə xidmət edir?”