"Neftçi" klubu qarşıdan gələn mövsüm üçün hücum potensialını daha da artırmaq məqsədilə yeni futbolçu axtarışlarına davam edir.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisinin əsas hədəflərindən biri 28 yaşlı portuqaliyalı hücumçu Pedro Markezdir və klub artıq bu transferi reallaşdırmaq üçün hərəkətə keçib.
Lakin Kiprin "Apollon Limassol" komandasında çıxış edən bu forvard uğrunda mübarizədə "Neftçi" tək deyil. Yerli "Pafos" klubu da transfer yarışına qoşulub.
Məlumata görə, hər iki komanda cari yay transfer pəncərəsində hücumçunu öz rənglərinə bağlamaq üçün danışıqlar prosesini xeyli intensivləşdirib.
Qeyd edək ki, mövcud klubu ilə müqavilə müddəti iyulun 1-də bitəcək olan forvard ortada qoyduğu statistika ilə diqqət çəkir. O, başa çatan mövsümdə "Apollon Limassol" forması ilə çıxış etdiyi 33 qarşılaşmada 15 dəfə rəqib qapısına yol tapıb və 6 məhsuldar ötürməyə imza atıb.
