“Haiti xəstəxanalarında çarpayı qıtlığı var. Elə olur ki, xəstələr çarpayı əvəzinə, xəstəxana pilləkanlarında, dəhlizlərdə yatır. Təsəvvür edin ki, siz xəstəsiniz, çox hərəkət edə bilmirsiniz. Bütün günü yataqda qalanda belə ağrıların başlayır. Gör, döşəmədə uzansan, necə olar? Ona görə də bu çarpayıların alınması üçün fond təşkil etmək qərarına gəldim”.
Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin haitili futbolçusu Donald Qerye Polşanın “Super Express” nəşrinə müsahibəsində deyib. Haitidə koronavirusa yoluxan insanların yatdığı xəstəxanalara təşkil etdiyi fond pulu ilə 20 min çarpayı alıb verən 31 yaşlı Qerye ölkəsindəki durumu izah edib:
“Əlbəttə, özüm də bu fonda pul ayırıram. Ümid edirəm ki, bu yardım işə yarayacaq. Haitinin 10 departamentində xəstəxanalara kömək etmək istəyirik. Əlbəttə, təkcə çarpayılarla yox. İmkanım çatanı göndərirəm. Maskalar, dezinfeksiya üçün əşyalar...
Haitidə virusa bir neçə nəfər yoluxub (son statistikaya görə, 47 nəfər yoluxub, üç nəfər ölüb – S.M.). Amma istisna etmirəm ki, göstərici bundan da pis olacaq. Çünki ölkəmdə əhali məsləhətlərə qulaq asmır, tövsiyələrə riayət etmir. Təhsillə bağlı problem var, bu da buradan qaynaqlanır.
10 milyondan çox əhalinin olduğu ölkədə 8 milyon insan hökumətin tövsiyələrinə qulaq asa bilmir. Çünki evlərdə radio və ya televizor yoxdur. Bundan əlavə, küçə alveri hələ də gedir. Deyək ki, banan və ya yumurta alacağam. Öskürürəm də, satıram da... Bu damcılar insanlara da, mallara da dəyir. Heç kim təhlükəsizlik qaydalarına əməl etmir.
Azərbaycanda isə əhali qaydalara riayət edir, amma yenə də xəstələrin sayı çoxalır. Onda gör Haitidə necə olacaq? Daha pis...”.

Haitinin rəsmi dilləri olan kreol və fransızcadan başqa, polyak, ingilis, ispan, portuqal və türkcə bildiyini deyən, həyat yoldaşının Polşanın Krakov şəhərindən olduğunu söyləyən Qerye “Qarabağ”da komanda yoldaşı olmuş Yakub Jezniçakla arasındakı zarafatından da danışıb:
“Mən ona “ağ” yox, “ağ ...” (təhqiramiz sözdür – S.M.) deyirdim. Ancaq bu, zarafatyana idi. Kuba (Jezniçakın ləqəbi – S.M.) həmişə zarafat edirdi. O məni “qara bambuk” çağırmışdı, mən də ona “ağ ...” cavabı vermişdim. Dediyim kimi, bu, zarafat idi. Hətta Polşada oynayanda belə söyüş, irqçi hərəkətlə üzləşməmişəm.
Amma bu yaxınlarda Krakovda həyat yoldaşım və onun əmisi Tomeklə küçədə gedərkən bir nəfər məni səslədi. Dedi ki, ey qara, sənin üçün bir şeyim var. Və əlini cibinə atdı. Cibindən nə çıxaracağını bilmədiyim üçün bir az qorxdum. Bu isə portağal idi. Gülümsədim, sonra o mənə banan təklif etdi. Fikir vermədim, amma Tomek onunla dalaşmaq istədi.
Bu hadisə bir neçə il əvvəl baş versəydi, mən də onunla dalaşardım. Amma indi mən böyük insanam. Əllərimi yellədim. İstəmirəm ki, övladlarım bir neçə il sonra atalarının küçədə kiminsə qanını yerə tökdüyünü görsün...”.
Üç mövsüm Krakov “Visla”sı ilə Polşa Ekstraklasasında top qovmuş Qerye yenidən bu ölkədə oynamaq istədiyini bildirib:
“Ümumiyyətlə, etiraf etməliyəm ki, Ekstraklasa, dolu stadionlar, adrenalin hissi üçün darıxıram. Azərbaycanda yalnız Çempionlar Liqası matçları zamanı stadionlar dolur... 2016-cı ildə Polşadan gedəndə yerli telekanala müsahibəmdə demişdim ki, bura qayıtsam, “Visla”, “Lex” və “Leqiya” üçün gələrəm. Sonra Krakovda gəzərkən, “Visla”nın bir azarkeşi mənə yaxınlaşıb demişdi: “get, get, toyuq... öz “Leqiya”na get”.

Donald Qerye 2017-ci ilin oktyabrın 14-də azyaşlı qızı Mia Maneti “Qarabağ”la Çempionlar Liqası matçı öncəsi itirməsinə də toxunub:
“O, yaş yarımlıq idi. Ölümünə üç saat qalmış onunla oynamışdım, sonra həyat yoldaşım onu yatızdırmışdı. Və o, bir daha oyanmadı. Bu, Madrid “Atletiko”su ilə Çempionlar Liqası matçına bir həftə qalmış oldu. Onun itkisi heç vaxt unudulmayacaq...”
Səbuhi Musayev