UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində 18 fevral 2026-cı il tarixində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" matçı öncəsi İngiltərə klubu Azərbaycana səyahət edəcək azarkeşlərinə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Nyukasl Yunayted" klubunun rəsmi saytında məlumat yer alıb.
Bildirilib ki, Bakının metro stansiyalarının bir çoxunda lift mövcud deyil:
"Bəzilərində eskalator var, lakin bu, yalnız bir neçə stansiya ilə məhdudlaşır və stadiona ən yaxın olan "Gənclik" stansiyası bunların sırasında deyil".
Qeyd olunub ki, Ramazan ayının 17 fevral axşamı başlaması, orucun isə 18 fevral çərşənbə günü sübh vaxtından etibarən tutulması gözlənilir.
"Zəhmət olmasa, bu dövrdə oruc tutacaq yerli sakinlərin dəyərlərinə və mədəniyyətinə hörmətlə yanaşın.
Xüsusilə tarixi əhəmiyyətə malik məkan və abidələrin ətrafında davranışlarınıza diqqət yetirməyiniz vacibdir. Şəhidlər xiyabanı xüsusilə həssas ərazi hesab olunur. Belə yerlərdə artıq-əskik davranışlardan çəkinməyinizi xahiş edirik. Əks halda, bu, polis müdaxiləsi ilə nəticələnə bilər", - deyə klubun müraciətində vurğulanıb.