“Vaxt azlığı səbəbindən Kəmaləddin Heydərov bugünkü mətbuat konfransında iştirak edə bilmir. Bildiyiniz kimi, o, həm də fövqəladə hallar naziridir. İlin yekunları ilə bağlı tədbirlər çoxdur.
Uzun müddətdir fikrimizdə var ki, ölkəmizdə dünya çempionatı təşkil edək. Pandemiya səbəbindən ötən iki ildə bunu reallaşdıra bilmədik. Ancaq növbəti dünya çempionatlarından birini Bakıda təşkil etmək istəyirik”.
Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.
Bu gün Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti 5 il müddətinə quruma rəhbər seçilib.
Seçkidən sonra mətbuat konfransı keçirilib. Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev isə idmançıların durumu ilə bağlı bunları deyib:
“Radik İsayev karyerası barədə qərar verə bilmirdi. Axırda bildirdi ki, gələn il Çinin Usi şəhərində keçiriləcək dünya çempionatından sonra karyerası barədə yekun qərar versin.
Milad Beiqi İran İslam Respublikasından Azərbaycana gələrkən Universitet bitirsə də, hərbi xidmətdə keçməyib. Ona görə də hərbi qanunlara əsasən, onun müəyyən prosedurları keçməsi lazım idi. Əks halda, səfərə çıxmasına imkan verilməyəcəkdi. Hazırda bu baxımdan problemi yoxdur, Bakıdadır. O, yanvarın 5-dən etibarən komanda ilə birgə təlim-məşq toplanışında iştirak edəcək”.
Səbuhi Musayev