Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Orxan Məmmədov: “AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik” - MÜSAHİBƏ + FOTO
Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov milli çempionatın püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
“Report” həmin müsahibəni təqdim edir:
- Əvvəlcə çempionat və yeni tikiləcək stadionla bağlı məlumat verərdiniz.
- Azərbaycan çempionatında 17 komanda iştirak edəcək. Mövsüm təqribən 7 ay davam edəcək. Gördüyünüz kimi, yeni klublar və simalar var. Çempionat minifutbol həvəskarları tərəfindən maraqla qarşılanacaq. Daha çox komanda iştirak etmək istəyirdi. Amma biz qərara gəldik, 17 komanda ilə başlayaq. Gələcək mövsümlərdə komanda sayının artırılması istiqamətində müəyyən işlər görülə bilər. Stadionlara gəlincə, “AzFar Group” şirkəti ilə müqavilə imzalanıb. Bu mövsümün oyunları onların stadionlarında keçiriləcək. Ümumiyyətlə, bu arenalar Avropa və dünya standartlarından cüzi fərqlənir. Bu standartlara tam cavab verən stadionların tikintisi ilə bağlı hazırlıqlar başlanıb. İnanıram ki, gələn ilin sonunadək belə bir arena azarkeşlərin üzünə açıq olacaq. Bundan sonra hansısa böyük turnirin ölkəmizdə təşkili məsələsinə baxıla bilər.
- Gənclər və İdman Nazirliyi sizin federasiyanın akkreditasiyasını təsdiqlədi. Bunun gələcək fəaliyyətinizə nə dərəcədə təsiri olacaq?
- Bu, ilk növbədə federasiyanın hüquqi cəhətdən peşəkar statusda fəaliyyət göstərməsinə imkan verəcək. Öz bayrağı altında müxtəlif turnirlər təşkil edə, futbolçuları rəsmi olaraq qeydiyyatdan keçirə biləcək.
- Azərbaycan Minifutbol Federasiyası olaraq AFFA-ya üzv olmaq planı var?
- Dünya Minifutbol Federasiyası ilə Avropa Minifutbol Federasiyası FIFA və UEFA-ya daxil deyil. Ona görə də AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik. FIFA və UEFA-ya böyük futbolla yanaşı, futzal və çimərlik futbolu daxildir. Minifutbol federasiyaları isə müstəqil fəaliyyət göstərir. Ona görə də bu məsələ gündəmdə deyil. Dünya Minifutbol Federasiyası və Avropa Minifutbol Federasiyası ali futbol qurumlarına üzv olduqdan sonra bu məsələyə baxa bilərik.
- Ölkə çempionatında iştirak üçün reqlament necədir?
- Hüquqi baxımdan kriteriyalara cavab verən klubları seçdik. Əvvəldən planda 17-18 komanda var idi. Elə də oldu. Klublar müəyyən etdiyimiz qaydalara uyğun seçilib. Növbəti mövsümlərdə komanda sayı artırılarkən məhz bu meyarlara cavab verən komandalara üstünlük veriləcək.
- 2023-cü ildə dünya çempionatı keçiriləcək. Avropa çempionu kimi bütün diqqətlər bizim üstümüzdə olacaq. Mundialda şanslarımızı necə dəyərləndirirsiniz?
- Tamamilə düzgün vurğuladınız ki, mundialda Avropa çempionu kimi iştirak edəcəyik. Bu, məsuliyyətimizi daha da artırır. İnanırıq ki, komanda bunu dərk edir. Dünya çempionatı fərqli səviyyədir. Orada güclü yığmalar var. Ümid edirik ki, milli komandamız orada öz adını qorumaq üçün mübarizə aparacaq.
- Bayaq qeyd etdiniz ki, stadion hazır olduqdan sonra ölkəmizdə beynəlxalq turnirlər keçirə bilərik. Konkret plan var?
- Stadion ilk növbədə komandanın daha da inkişaf etməsi üçün lazımdır. Hansısa turniri dərhal qəbul etmək istəsək, bunun üçün yeni arenaya ehtiyac yoxdur. Bildiyiniz kimi, müasir qurğularımız, idman mərkəzlərimiz var. Turnirlərə gəlincə, bu yöndə Avropa Minifutbol Federasiyası ilə danışıqlar gedir. 2025-ci ildən sonra beynəlxalq səviyyəli turnirlərdən biri Azərbaycanda təşkil oluna bilər. Bunu nəzərdən keçiririk. Artıq danışıqlara start vermişik.
- Minifutbol üzrə Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunun təşkili də nəzərdə tutulubmu?
- Hələlik planda belə bir şey yoxdur. Bütün diqqətimizi çempionata yönəltmişik. Amma gələcəkdə maraq böyük olarsa, kubok yarışı da keçirmək olar.
Daha çox şəkil burada: Photostock.az
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər