Polşada keçirilən III Avropa Oyunlarının açılış mərasimi başa çatıb.
“Report”un Krakova ezam olunmuş əməkdaşının məlumatına görə, sözügedən şəhərdə keçirilən mərasimdə iştirakçı komandaların paradından sonra rəsmi şəxslərin - Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Avropa Oyunlarının təşkilat komitəsinin sədri Yaçek Sasin və Polşa prezidenti Anjey Dudanın çıxışları olub.
Tədbirdə, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın müraciəti səsləndirilib.
Son olaraq Oyunların məşəli arenaya gətirilib və stadiondakı məşəl alovlandırılıb. Bununla da III Avropa Oyunları açıq elan olunub.
Mərasim atəşfəşanlıqla yekunlaşıb.
00:43
Avropa Oyunlarının açılış mərasimində iştirakçı komandaların rəsmi keçidi olub.
“Report”un məlumatına görə, Azərbaycan komandası da paradda iştirak edib.
Ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyıb.
Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.
Polşada III Avropa Oyunlarının açılış mərasimi başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
23:05
Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilir.
“Report”un sözügedən ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, mərasim Krakovda yerləşən “Miejski” stadionunda təşkil olunur.
Tədbir ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə start götürüb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.