Misli Premyer Liqasının XII turu "Sabah" klubu üçün yubiley heç-heçəsi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, Bakı təmsilçisi turnirdə 60-cı dəfə meydandan bir xalla ayrılıb.
Bu, keçən tur 0:0 hesabı ilə bitən "Şamaxı" ilə qarşılaşmaya təsadüf edib.
Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır. Bakılılar evdə 32, səfərdə 28 dəfə bərabərə qalıblar.
Qeyd edək ki, yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda "Neftçi"dir - 222 dəfə.