Azərbaycan yığmasının baş məşqçisi jurnalistlərlə görüşüb. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın futbol üzrə milli yığmasının baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı keçirilib.
“İlk dəfədir bir yerdəyik. Komanda üçün əla şərait yaradılıb. İlk üç günün təlim məşqlərinə görə komandadan razıyam”- Oxu.Az məşqçinin sözlərini sitat gətirir.
“Oyunçularda motivasiya çox yüksəkdir. Birinci məşq bərpa prosesi idi. İkinci məşqdə fiziki yükləmələr oldu.
Bəli, vaxtımız azdır. Futbolçular istəyimi tam yerinə yetirdilər. Bu onu göstərdi ki, onların potensialları var. Vaxtımız azdır, amma Malta yığması ilə oyun ərəfəsində də hazırlıq keçəcəyik.
İstəyirəm ki, komandam hücum futbolu oynasın. Amma müdafiəyə də fikir verməliyik.
Oyunçularla fərdi söhbət etmişəm. Komanda ilə birgə də danışmışam. Səmimi insanam, sizə də olanları deyirəm, özümdən heç nə uydurmuram. Futbolçulara demişəm ki, kimin millidə nə qədər oynamasının mənim üçün fərqi yoxdur. Mənim üçün vacibdir ki, futbolçu sistemimə uyğun, formada olsun. Məşqçi kimi əlimdən gələni edəcəyəm ki, futbolçular özlərinə inansınlar. Çalışacağam ki, Azərbaycan millisi qısa zamanda gözəl futbol oynasın. Ən azından, Bakıya gələnlər hiss etsinlər ki, yaxşı komandaya qarşı oynayırlar. Azərbaycanlı futbolçularda bu potensial var.
Futbolçularda qalib ruhu formalaşdırmaq istəyirəm. Bu, o demək deyil ki, 8 futbolçu ilə irəli gedəcəyik. Futbolda müdafiə də çox vacibdir. Amma baxımlı, gözəl oyun göstərməliyik. Hər bir futbolçu bilməlidir ki, o, öz vətəni üçün oynayır. Görsəm ki, hansısa futbolçu əlindən gələni etmir, onu bir daha millidə görməyəcəksiniz.
Nəyə görə Anton Krivotsçuku milliyə çağırmışam? Azərbaycanda yaxşı sol cinah müdafiəçisi yoxdur. Bu problem çoxdan var. Mən yanvarda onu Antalyada izləmişəm. Antonu biz Malta ilə qarşılaşmada oynatmayacağıq. Amma gələcəkdə onu millidə görürəm. 17 yaşı var. Toplanışa dəvət etmişəm ki, əsas millidəki atmosferi, ab-havanı canlı yaşasın. Gənc oyunçularla bağlı bu təcrübəni gələcəkdə də davam etdirəcəyəm.
Kamran Ağayev ilə problemimiz var. O, “Kayserispor”da oynayır. Emil Balayev “Ayntraxt”da oynamır, amma onun böyük potensialı var.
Səlahət Ağayevdən razıyam. O, sabit oynayır. Bu gün üçün o, yığmanın qolkiperidir. Andrey Popoviçin də böyük potensialı var. Mən Ruslan Qurbanovun nə üçün “Neftçi”nin əsas tərkibində oynamadığını anlamıram. Mən “Neftçi”dən olan əməkdaşımı tənqid etmirəm, sadəcə bunu anlamıram. Mən “Neftçi”nin son oyunlarını görmüşəm. Azərbaycan futbolçularının problemi, onların topu yox, topun onları tapmasını gözləmələridir.
Mən bunu dəyişmək istəyirəm. Ruslan Qurbanovun fərqi ondadır ki, o topsuz oynaya bilmir. Ümid edirəm ki, “Hayduk”da oynayacaq və yığmanın hücum xəttində rəqabət yüksələcək. İnanıram ki, bir neçə azərbaycanlı futbolçu xarici klublara keçə bilər. Maltaya qarşı oynamağa şans var.
Öz şansından istifadə etmək lazımdır. İstərdim ki, Maltaya qarşı özlərinə əmin 11 nəfər çıxsın və yaxşı oyun göstərsinlər və 3 xal əldə etsinlər. Əgər qalib gəlsək, yığmanın oyun üslubunun dəyişməsi sürətlənəcək. “Şaxter”in alternativi var idi.
Amma bu Avropanın 10 güclü komandasından biridir. O, “Bavariya” ilə bərabər oynayıb. Bu, əla sınaqdır. Sabah bütün futbolçular oynayacaqlar. Sabahkı matçın ilkin tərkibini elan edə bilərəm: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Bədəvi Hüseynov, Arif Daşdəmirov, Ruslan Abışov, Qara Qarayev, Rahid Amirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov, Məhəmməd Qurbanov.
İkinci hissədə meydana digər futbolçular çıxacaq. Hücumda 4-1-4-1 və müdafiədə 4-3-3 sistemi ilə oynayacağıq”.
F.H.
www.oxu.az