“Azərbaycanda, Bakıda olmaq çox xoşdur. Buraya ilk səfərim deyil. 2015-ci ildə ölkənizdə olmuşam. İllər ərzində Azərbaycandan dəstək görmüşəm”.
Oxu.Az xəbər verir ki, bunu Dünya Çimərlik Futbolu Təşkilatının (BSWW) vitse-prezidenti Qabino Renales Bakıda təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
O, Azərbaycanda bu idman növünün inkişaf etdiyini bildirib: “Azərbaycanda çimərlik futbolu inkişaf edir. Yığma komanda Avropa Oyunlarında yaxşı nəticə göstərdi.
Avropada çox güclü komandalar var. Düşünürəm ki, beşinci yer böyük nailiyyətdir”.
Beynəlxalq qurum rəhbəri gələcəkdə yalnız seçmə mərhələlərin deyil, böyük yarışların final mərhələlərinin də Bakıda təşkil oluna biləcəyini vurğulayıb:
“Azərbaycanda idman tədbirləri üçün çox yaxşı resurslar var. Daha böyük tədbirlər də Bakıda keçirilə bilər. Sabahdan bunun üzərində işləyə bilərlər (gülür). Arena möhtəşəmdir. Növbəti dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Gələcəkdə təşəbbüs olsa, yenidən Bakıya gəlməkdən şad olarıq”.
Faiq Tahirov