"Qarabağ" Kiprin APOEL klubunun formasını geyinən braziliyalı oyunçu Dieqo Rosa üçün yenilənmiş təkliflə çıxış edib.
Oxu.Az-ın Kipr mətbuatına istinadla yaydığı məlumata görə, Ağdam klubu yarımmüdafiəçini ilkin olaraq 200 min avro ödəyərək bir mövsümlük icarəyə götürməyi planlaşdırır.
Müqavilədə 2027-ci ilin yay transfer pəncərəsində futbolçunun 1 milyon avroya məcburi satınalınması şərti də xüsusi yer tutur.
Qeyd olunur ki, "məcburi satınalma" bəndi birbaşa braziliyalı futbolçunun "Qarabağ"ın heyətində keçirəcəyi matçların sayından asılı olacaq. Şərtlər tam yerinə yetiriləcəyi təqdirdə, bu transfer 1.2 milyon avroya gerçəkləşə bilər.
Məlumat üçün bildirək ki, Dieqo Rosanın Kipr təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin yayında başa çatır.
