“Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç Azərbaycan millisində oynamaq istəyir.
Oxu.Az xəbər verir ki, üç ilə yaxındır ölkəmizdə çıxış edən 28 yaşlı futbolçu Xorvatiya mətbuatına verdiyi müsahibəsində Azərbaycan millisində oynamaq perspektivindən danışıb:
“Vətəndaşlıq üçün şərtləri yerinə yetirsəm və millidə oynamağım üçün mənə zəng etsələr, mütləq təklifi qəbul edəcəyəm. “Qarabağ”la ötən yay 2+1 illik müqavilə bağlamışam. Orada işlərim qaydasındadır. Xorvatiyanın böyük klublarda yüksək səviyyəli futbolçuları olsa da, Azərbaycana qarşı oynamaq çətindir.
Təəssüf ki, “Xayduk”da çıxış etdiyim vaxt zədələndim və nəyə qadir olduğumu göstərə bilmədim. Bilmək olmaz ki, bu olmasaydı, karyeramda hansısa dönüş ola bilərdi. Amma mən xoşbəxtəm, “Qarabağ” xoşuma gəlir”.
Onu da bildirək ki, Filip Ozobiç Xorvatiya millisi ilə iki il əvvəl Çində keçirilmiş beynəlxalq turnirdə iki oyun keçirib.
Qeyd edək ki, hazırda Qazaxıstanın “Astana” klubunun şərəfini qoruyan braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”da oynadığı vaxt milliləşdirilib.
Səbuhi MUSAYEV