Qazaxıstanlı peşəkar boksçu Bəxtiyar Eyyubov karyerasına davam etmək üçün hal-hazırda sponsor axtarışı ilə məşğul olduğunu bildirib, belə ki, Azərbaycan tərəfi ilə danışıqlar baş tutmayıb.
Oxu.Az bu barədə Boxingnews.kz-a istinadən xəbər verir.
Qeyd etmək lazımdır ki, keçən həftə boksçu Azərbaycan uğrunda çıxış etməyə niyyətli olduğunu bildirmişdi. O, idmançıya sponsorluq etməyə hazır olan Azərbaycan tərəfi ilə danışıqlar aparırdı. Bununla yanaşı Eyyubov rinqə Qazaxıstan və Azərbaycan bayraqları ilə çıxmağı düşünürdü.
“Azərbaycan tərəfi ilə danışıqlar baş tutmadı, səbəbini söyləmək istəməzdim. İndi sponsor axtarıram, çünki ABŞ-a getməliyəm. Mən döyüşmək, məşq etmək istəyirəm, əhval-ruhiyyəm yaxşıdır. Bununla yanaşı məşqçim yoxdur, özüm tək məşq edirəm, bütün problemlərimi də özüm həll edirəm. Mənə sadəcə dəstək lazımdır. Amerikada irəli gedəcəm, mənə sadəcə şans vermək lazımdır. Bilirəm kimin yanına getməliyəm və necə irəliləməliyəm. Daha öncə də demişdim ki, hara getsəm, Qazaxıstanın bayrağı mənimlə olacaq. Bunu indi də deyirəm. Döyüşlərimə öz Vətənimin bayrağı ilə çıxacam”, - Eyyubov deyib.
Bəxtiyar Eyyubov peşəkar rinqdə beş döyüş keçirib, bütün görüşlərdə qələbə qazanıb. Son görüşündə 2014-cü ilin sentyabrın 26-da Berlində rumıniyalı Romeo Paun ilə qarşılaşıb. Döyüş birinci raundda texniki nokautla Eyyubovun xeyrinə başa çatıb.
www.oxu.az