Qazaxıstan boksçusu Bəxtiyar Eyyubov bundan sonra Azərbaycanı təmsil edəcək, bu barədə Boxingnews.kz bildirib.
28 yaşlı boksçunun aktivində peşəkar rinqdə 5 döyüş (beş qələbə) var.
“Hal-hazırda danışıqlar aparılır, amma mən sponsorların adını açıqlamaq istəməzdim. Sadəcə Azərbaycanı təmsil etmək qərarına gəldiyimi deyə bilərəm.
Amil çoxdur: peşəkar rinqdə döyüşmək və maddi vəziyyəti yaxşılaşdırmaq. Eyni zamanda, qeyd edim ki, vətənimin bayrağı hər zaman mənimlə olacaq. Rinqə iki bayraqla çıxacam”, - Bəxtiyar Eyyubov qeyd edib.
Boksçunun sözlərinə görə, bu müddət ərzində o peşəkar boks aləmində öz gücünə irəliləyib.
“Məndə fanatizm və motivasiyadan başqa heç nə yoxdur. İndiyə qədər bütün məsələləri özüm həll etmişəm. Müstəqil məşq etmişəm. Çox çətin idi. Qazaxıstandan heç bir dəstək olmayıb. Hətta peşəkar rinqdə qalib olanda təbrik belə gəlməyib.
Doğulduğum və böyüdüyüm Aktobada ilin nəticələrində məni heç idman planında qeyd belə etmədilər, heç bir dəstək olmadı. Baxmayaraq ki, mən bu şəhərdən yeganə peşəkar boksçuyam”, - idmançı əlavə edib.
Bəxtiyar Eyyubovun son döyüşü Berlində rumın Romeo Pauna qarşı 2014-cü ilin sentyabr ayının 26-da olub. Görüş birinci raundda texniki nokautla Eyyubovun xeyrinə başa çatıb.