Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” komandası səfərdə Rusiyanın “Krasnodar” klubunun qonağı olub.
8-ci dəqiqədə Vanderson meydan sahiblərini hesabda irəli çıxarıb. Komandamız ikinci hissənin əvvəllərində, 51-ci dəqiqədə, oyunda bərabərliyi bərpa ediblər. Dodo fərqlənib.
Təəssük ki, “Qəbələ” bu hesabı sona qədər qoruya bilməyib. Hakimin final fitinə 6 dəqiqə qalmış Fyodor Smolov “Krasnodar”a qələbə qazandıran qolu vurub.
Bu qrupda keçirilən digər oyunda Yunanıstan PAOK klubu öz meydanında Dortmundun “Borussiya”sı ilə 1:1 hesablı bərabərliyə qalıb.
“C” qrupunda vəziyyət belədir:
1. “Borussiya Dortmund” (Almaniya) - 4 (xal)
2. “Krasnodar” (Rusiya) - 3
3. PAOK (Yunanıstan) - 2
4. “Qəbələ” (Azərbaycan) - 1