Ukraynalı məşqçi Roman Qriqorçukun “Qəbələ” karyerası sona çatıb.
Oxu.Az xəbər verir ki, bunu Qriqorçukun özü ölkə kubokunun "Keşlə" ilə final oyunundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Finalda 0:1 hesablı məğlub olan və bu mövsüm də titulsuz qalan “qırmızı-qaralar”ın çalışdırıcısı ölkəmizdən ayrılmağa qərar verib.
Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvar ayından “Qəbələ”nin baş məşqçisi idi. O burda işlədiyi müddətdə “Qəbələ”yə titul qazandıra bilməsə də, iki dəfə komandasını UEFA Avropa Liqasının qrup mərhələsinə salmağı bacarıb.
Onu da bildirək ki, cari mövsüm başa çatdıqdan sonra Premyer Liqa klublarından dördüncüsündə qeydə alınan baş məşqçi istefasıdır. Daha əvvəl Samir Abbasov “Sumqayıt”dan, Samir Əliyev “Səbail”dən, Tərlan Əhmədov isə “Neftçi”dəki vəzifəsindən azad olunub.
Səbuhi TOFİQOĞLU
www.oxu.az