Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Oxu.Az-ın xəbərinə görə, 15-ci turun ilk qarşılaşmasında “Zirə” doğma meydanda “Sabah” klubunu qəbul edib.
Matçın 25-ci dəqiqəsində qonaqların müdafiəçisi Məqsəd İsayev qırmızı vərəqə (ikinci sarı) alaraq komandasını azlıqda qoyub.
Lakin, bu, “Sabah”ın görüşü öz xeyrinə başa vurmasına mane olmayıb. Qonaqlar 48-ci dəqiqədə penaltidən Marko Deviçlə hesabı açıblar.
Görüşün 62-ci dəqiqəsində meydan sahibləri tarazlığı bərpa ediblər. Amma hesabda yox, oyunçuların sayında. Vüqar Mustafayev birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Qarşılaşmanın 68-ci dəqiqəsində isə Rəşad Eyyubov “Sabah”ın üstünlüyünü iki topa çatdırıb.
Günün digər qarşılaşmasında autsayder “Keşlə” “ASK Arena”da “Səbail”ə 3:0 hesabı ilə uduzub.
Qonaqların heyətində Kevin Koubemba, Elvin Yunuszadə və Ağabala Ramazanov müvafiq olaraq 14, 53 və 59-cu dəqiqələrdə fərqləniblər.
Turnir cədvəli
| 1 | Neftçi | 14 | 33 |
| 2 | Qarabağ | 14 | 30 |
| 3 | Sabah | 15 | 24 |
| 4 | Səbail | 15 | 20 |
| 5 | Qəbələ | 14 | 17 |
| 6 | Sumqayıt | 14 | 15 |
| 7 | Keşlə | 15 | 12 |
| 8 | Zirə | 15 | 10 |
Qeyd edək ki, turun digər iki qarşılaşması sabah keçiriləcək. “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. Turun mərkəzi qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və “Neftçi komandaları arasında keçiriləcək.