Bu gün Qubada yerləşən Milli Qolf Klubunda Azərbaycanın Qolf Federasiyası və European Challenge Tour-un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk Azerbaijan Open Challenge turnirinə rəsmi start verildi.
Oxu.Az xəbər verir ki, saat 08:00-da başlayan turnirdə topa ilk zərbəni Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov vurdu.
Daha sonra Federasiya prezidenti jurnalistlərin suallarını cavablandırdı.
Anar Məmmədovun bildirdiyinə görə, ölkəmizdə bu turnirin keçirilməsi Azərbaycanın, regionlarımızın beynəlxalq aləmdə daha çox tanınmasına, ölkəmizdə qolfun inkişafına böyük töhfə verəcək.
“Məqsədimiz 2016-cı il Yay Olimpiya Oyunlarında iştirak üçün azərbaycanlı qolfçuların yetişdirilməsi və ölkəmizin bu mötəbər yarışda idmanın qolf növündə də təmsil olunmasına nail olmaqdır.
Bildiyiniz kimi, European Challenge Tour hər il 42 ölkədə keçirilir və bu ildən bu yarış hər il Azərbaycanda da keçirilməyə başlayacaq, bu turnir bir ənənə halını alacaq. Bu, gələcəkdə Azərbaycanda qolfun inkişafı, azərbaycanlı qolfçuların yetişdirilməsinə böyük töhfə verəcək”.
Foto: Nüsrət Abdullayev
www.oxu.az