“Marseldə yaxşı oyun nümayiş etdirdik. Birinci oyundan sonra “Marsel” bizə qarşı Bakıdakı matçda daha diqqətli oynamağa çalışacaq. Mən futbolçularımın sabah yaxşı çıxış edəcəyindən əminəm”.
Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçı öncəsi mətbuat konfransı keçirilib.
Q.Qurbanov sabah hücum futbolu nümayiş etdirəcəklərini bildirib:
“Sabah böyük risklər edəcəyik. Maksimum şəkildə qol vurmağa çalışacağıq. Əlbəttə ki, bunun müqabilində müdafiəni də düşünməliyik. Azarkeşlərimiz futbolu sevir. Bu matçdakı qələbə ilə onların inamını geri qaytarmalıyıq”.
O, fransalı jurnalistin “Marsel”ə qarşı niyə əks-hücum yox, hücum futbolu oynadacaqsınız. Bununla risk etmirsinizmi?” sualına belə cavab verib:
“Bilirəm ki, Fransa çempionatında “Marsel”in uduzduğu matçlarda rəqiblər müdafiə futbolu oynadıb qalib gəlib. Ancaq biz mərhələ adlamalıyıq. Bunun üçün risk edib hücuma atılmalıyıq. Qollar vurmalıyıq ki, mərhələ adlayaq”.
O daha sonra gürcü qapıçı Luka Quqeşaşvilinin ilk matçdakı səhvindən danışıb: “Onun üstün tərəfi soyuqqanlı olmağıdır. Ancaq heç kim səhvdən sığortalanmayıb. İstənilən halda onunla söhbətim olub. O, potensialı yüksək olan, əla qurtarışları olan qapıçıdır. Onun Marseldəki səhvləri texniki idi. Lukanın üzərinə çox getmədim. Belə oyunlarda bu cür səhvlər olur”.
Qurban Qurbanov Fransada ötən həftə keçirilmiş matçda erməni azarkeşlərin təxribatı haqda bunları deyib: “Marseldəki təxribata zərrə qədər də önəm vermədim. Qarabağ köçkünlərinə görə heç vaxt uduzmaq istəməmişəm. Artıq torpaqlarımız geri qayıdıb. Bunu heç təxribat da adlandırmazdım. Bayraq qaldırılması kiçik bir şeydir. Bununla nəsə olmur. Oyunumuza cüzi də təsir etmədi. Bakıda bayraqlarımız bundan çox olacaq”.
“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borqes isə sabah daha diqqətli olacaqlarını bildirib: "Rəqibin adı necə güclü komanda olduğunu deməyə əsas verir. İlk oyundakı nəticədən sonra hesab "Marsel"in xeyrinədir. Çalışacağıq ki, bu nəticəni xeyrimizə dəyişək və mərhələ adlayaq. Sabah xarakter göstərməliyik”.
Qeyd edək ki, “Qarabağ” – “Marsel” matçı sabah saat 21:45-də başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Səbuhi Musayev
FOTO: Firudin Səlimov