“Komandamız adından ölkə başçısına təşəkkür edirəm. Bizə böyük dəyər verir. Üçüncü dəfə onun qəbulunda olurdum. Həmişə onunla görüş bizi daha da qürurlandırır. Hakimliklə bağlı yenə etirazını bildirdi. Bütün xırdalıqları bilir, oyunları izləyir. Çox dəyərli görüş oldu. Belə görüşlər bizim işimizi daha da məsuliyyətli edir. Çünki Prezidentimiz oyunlarımızın hamısını izləyir.
Oxu.Az-ın xəbərinə görə, bunu İdman Araşdırmalar Mərkəzi tərəfindən ilin məşqçisi seçilən Qurban Qurbanov deyib.
O, bu gün Ukrayna mətbuatında “Qarabağ”ın millimizin və “Minay” klubunun futbolçusu Rüstəm Əhmədzadə ilə anlaşmasına dair xəbərə münasibət bildirib. Qurbanov bu xəbəri təsdiqləyib:
“Hər zaman gənc oyunçulara üstünlük vermişik. Rüstəmi də gətirmək imkanımız oldu, dəyərləndirdik. Düzdür, hələlik klubu ilə razılıq əldə olunub. Özü ilə danışıqlar davam edir. Özündən çox şey asılı olacaq. Amma bununla kifayətlənmirik. Axtarışlarımız davam edir.
Qış fasiləsində yeni transferlər etməyimiz gözlənilir. Yaydan bəri danışıq apardığımız oyunçular var. Alınsa, onları da komandaya cəlb edəcəyik”.
Səbuhi Musayev