Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin III turuna start veriləcək.
Oxu.Az xəbər verir ki, “Qarabağ” – “Vorskla” (Ukrayna) oyunundan öncə keçirilən ənənəvi mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə oyun barəsində fikirlərini bildirib:
– Vacib oyuna çıxırıq. Hər iki komandanın da xalı yoxdur. Buna görə oyunun önəmi barəsində çox danışmağa ehtiyac yoxdur. Oyuna çox ciddi hazırlaşmışıq. Düşünürəm ki, sabah çox maraqlı oyun olacaq.
– Komandada psixoloji durum nə yerdədir?
– Hər şey qaydasındadır. Çox yaxşı hazırlaşmışıq.
– Azarkeşlər məhz elə “Vorskla” ilə oyunlarda xal qazanmağı gözləyir. Bu, üstünüzdə hər hansı bir təzyiq yaradır?
– Təbii ki, bunun fərqindəyik. Çox böyük bir məsuliyyət var üstümüzdə. Ancaq hər şeyə rəğmən, sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.
– Donald Qerye sabah oynaya biləcəkmi?
– Tam formada olmasa da, oynama ehtimalı var. Tam heyəti hələ formalaşdırmamışıq. Sabah dəqiq bilinəcək.
– Sabah “Vorskla”ya qol vurmağın yolunu tapmısınızmı?
– Qalib gəlmək üçün mütləq qol vurmalıyıq. Kifayət qədər ciddi hazırlaşmışıq. Düşünürəm ki, sabah bunu bacara biləcəyik.
– Sabahkı oyun barəsində azarkeşlərə çağırışınız varmı?
– Azarkeşlər hər zaman bizimlə olub. İnanıram ki, sabah da stadionda güclü dəstək olacaq.
– Rəqib iki komandaya da qol vura bilib. Buna hər hansı bir tədbir almısınızmı?
– Təbii ki, bunun fərqindəyik. Ona görə də diqqətli olmalıyıq.
S.M.
www.oxu.az