Azərbaycanlı karateçi, 3 qat dünya və 7 qat Avropa çempionu Rafael Ağayevin toy məclisində dava-dalaş saldığı barədə məlumat vermişdik.
Rekord.az saytının yaydığı məlumatda idmançının Sumqayıt şəhərindəki şadlıq saraylarının birində keçirilən toy məclisində əvvəlcə ofisiantı ələ saldığı, sonra isə döydüyü bildirilirdi. Ağayevin sonradan şadlıq sarayının inzibatçısını da möhkəm döydüyü iddia olunur.
Məsələ ilə bağlı Rafael Ağayevin də mövqeyini öyrəndik.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a danışan idmançı heç kimi döymədiyini bildirdi:
“Tamamilə yanlış məlumatdır. Mənim 29 yaşım var. Kimisə ələ salacaq yaşda deyiləm. Hansısa ofisiantı ələ salmağı, alçaltmağı heç vaxt ozümə rəva görmərəm. Mən özüm də vaxtı ilə “konduktor” işləmişəm, nəyə görə onu ələ salmalıyam? Əsla belə şey ola bilməz. Yayılan məlumatın heç bir əsası yoxdur”.