Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayev ilk dəfə özü üçün narahat rəqibin adını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, o, ukraynalı karateçi, ikiqat Avropa çempionu Anjelika Terlyuqa ilə canlı “Instagram” bağlantısında bu sirri açıb.
Dünya çempionumuz bildirib ki, İrandan olan, milliyyətcə azərbaycanlı, dördqat dünya və dördqat Asiya çempionu Bəhmən Əsgəri Qönçə onun üçün narahat rəqibdir:
“Mən özümə güclü rəqib kimi italyan Luici Buzanı görürəm. İstərdim ki, Olimpiadanın finalında onunla qarşılaşım. Amma o, Bəhmən Əsgəri Qönçə ilə qarşılaşanda onunla bacarmır, əsəbləşir. Bəhmən çox uzundur. Ucaboy olduğu və qolları uzun olduğu üçün uzaq məsafədən dalaşır. Mən isə yaxında olmağa çalışıram. O məni görmür”.
Rafael Ağayev digər maraqlı məsələlərə də toxunub: “Facebook”a çox girmirəm. Heç öz şifrəmi bilmirəm. Amma daha çox vaxtımı “İnstagram”da keçirirəm. İngiliscə bilmirəm. Mənə yazılanları dostuma tərcümə etdirirəm. Amma bəzən ərəbcə yazırlar, başa düşmürəm. Mənə Braziliya, Meksika kimi ölkələrdən yazıb fanatım olduqlarını deyirlər.
Cazz və repə qulaq asmıram. Çünki bu janrı başa düşmürəm. Amma rus, türk, ərəb pop musiqilərinə qulaq asıram.
Yeməkdə soğanı xoşlamıram. Evdə kim bişirirsə, ona soğan vurmamağı tapşırıram. Yumurta-pomidor yeməyini xoşlayıram. Səhərlər türk qəhvəaltısı mənə ləzzət edir. Bir də Coca-Cola içməyi çox xoşlayıram”.