“Mətbuatda səhv anlaşılma olub. İyunun 11-də mənim yanvarda macar Jolt Habdaya qalib gəldiyim döyüşün videosu yayımlanacaq. Mən bu rəqiblə yenidən qarşılaşmayacağam”.
Bunu Oxu.Az-a karate üzrə olimpiya mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev deyib.
O, “Karate Combat” turnirində iyunun 11-də çıxış etməyəcəyini bildirib. Rafael Ağayev bildirib ki, onun rəqibi digər idmançı olacaq:
“Bildiyimə görə, mənim budəfəki döyüşüm canlı göstərilməlidir. Srağagün rəqibim bəlli oldu. Bu döyüş də iyunun sonlarında olacaq. Ancaq müqavilə şərtlərinə görə, rəqibin adını çəkə bilmərəm”.
Həmçinin 84 kq çəki dərəcəsində Azərbaycanın bu yarışda digər təmsilçisi, dünya və Avropa mükafatçısı Şahin Atamov da iyunda döyüşəcəyini saytımıza açıqlamasında bildirib:
“Məndə rəqib bəllidir. Amerikalı olacaq. Sonuncu dəfə bu turnirdə öz çəkimdə kəmərin sahibiyəm. Çalışağacam ki, kəmərimi müdafiə edim”.
Səbuhi Musa
14:36
Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Kombat”dakı növbəti döyüşünün vaxtı açıqlanıb.
Oxu.Az xəbər verir ki, turnirdə dördüncü mövsümə mayın 14-də start veriləcək.
37 yaşlı Rafael Ağayev isə yeni mövsümdə debütünü iyunun 11-də edəcək. Ağayev Macarıstan təmsilçisi Jolt Habda ilə yenidən qarşılaşacaq. R.Ağayev bu ilin yanvarında Budapeştdə macar azarkeşlərin gözü önündə məğlub etdiyi rəqibi ilə ikinci döyüşünə çıxacaq.
Döyüş ABŞ-ın Orlando şəhərində baş tutacaq. Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.
Qeyd edək ki, bu, Rafael Ağayevin bu turnirdə sayca üçüncü döyüşü olacaq.