Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rafiq Hüseynov: “Veteranlar öz sözlərini dedilər” - FOTO/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz bu gün Vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, iki qızıl, bir gümüş və beş bürünc medalla komanda hesabında Avropa çempionu olan yığma komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Güləş Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançılar qarşılayıblar.
Baş məşqçi Aleksandr Tarakanovun yarış təəssüratları belə olub:
“İlk dəfə komanda hesabında Avropa çempionu olduq. Bunda həm güləşçilərin, həm məşqçilərin, həm də federasiya rəhbərliyinin əməyi var. Bu, bizim ümumi qələbəmizdir. Hamımız bu nəticəyə görə sevinirik. Bizə dəstək verən, bizim üçün həyəcan keçirən hər kəsə təşəkkürümü bildirirəm. Bu dəstək bizim üçün çox vacib idi”.
Daha sonra üçüncü dəfə Avropa çempionu olan Rafiq Hüseynov fikirlərini bildirib:
“Əlbəttə, təəssüratlarım yüksək səviyyədədir. Bu uğura imza atdığım üçün çox sevinirəm. Azərbaycan xalqını və doğmalarımı sevindirdiyim üçün şadam. Həm özümə, həm də komanda yoldaşlarıma görə sevinirəm. Heyətimizin 70 faizi gənc güləşçilərdən ibarətdir. Veteranlar öz sözlərini dedilər. Ancaq gənclər də bizdən geri qalmadılar. Sevinirəm ki, güləşimiz əmin əllərdədir. Karyeramızı bitirdikdən sonra gənclər yolumuzu layiqincə davam etdirə biləcəklər. Əlbəttə, komandanın heyəti tam oturuşub. Bilirsiniz ki, qarşıda bizi mötəbər yarışlar gözləyir. Bunlardan da ən önəmlisi komanda yarışı olan Dünya Kubokudur. Bu üzdən bizim üçün heyətin oturuşması lazımdır.
Fikrimcə, komanda artıq hazır vəziyyətdədir. Bu nəticələr göstərir ki, cənab Prezidentin səyi nəticəsində federasiyada aparılan islahatlar boşa getməyib. U-23 Avropa çempionatında və bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin qazandığı uğurlar doğru yolda olduğumuzu göstərir. İslahatlar öz sözünü deyir. İdmanda yüksəlişlər olduğu kimi, eniş də olur. Hər şey istədiyin kimi olmur. Nəticə vermişəm, hələ ki, karyeramı davam etdirirəm. Sabah məndən güclü idmançılar olacaqsa, məşqçilik fəaliyyətinə başlayacağam. Rövşən Bayramov və Həsən Əliyev kimi məşqçilərlə birgə millidə gənclərə bilik-bacarığımı çatdıracağam”.
Dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olan Eldəniz Əzizli yarışdakı çıxışını belə dəyərləndirib:
“Yarış bizim üçün yaxşı keçdi. Rafiq güləşin bu növündə ilk üçqat Avropa çempionumuz oldu. Mən isə yunan-Roma güləşində ən çox AÇ medalı qazanan idmançı oldum. Altıncı dəfə Avropa çempionatında medal qazandım. Rekordlarla dolu bir yarış oldu. Bunun ardını gətirmək lazımdır. Arxayınlaşmaq olmaz. Bizi qarşıda İslam Həmrəyliyi Oyunları və Bakıda keçiriləcək Dünya Kuboku kimi mötəbər yarışlar gözləyir. Gələn il isə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək.
Sevindirici haldır ki, artıq komandada gənc idmançılar da sözünü deməyə başlayırlar. Son üç ildə yarımfinallarda məğlub olurdum. Bunun hansısa xüsusi səbəbi yox idi. Qismət beləymiş. Allaha həmd olsun, bu il həm yarımfinalda, həm də finalda qalib oldum. Bir şeyi də qeyd edim ki, 23 illik karyeram boyunca gümüş medalım olmayıb. Ya çempion olmuşam, ya da bürünc medal qazanmışam. Bu ənənə davam edir”.
Xatırladaq ki, qitə birinciliyində Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb