"Real Madrid" azarkeşləri klubun İspaniya La Liqasının XXVI turunda "Xetafe"yə gözlənilməz məğlubiyyətindən sonra klub prezidenti Florentino Peresin istefasını tələb ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, Madridin məşhur "Santyaqo Bernabeu" stadionunun tribunasına toplaşan azarkeşlər final fitindən sonra "Florentino, istefa ver!" şüarları səsləndiriblər.
Peres 2000-ci ildən bəri İspaniya klubuna rəhbərlik edib. O, "Real Madrid"in uğursuz çıxışlarından sonra 2006-cı ildə komandadan ayrılıb. Daha sonra 2009-cu ildə yenidən klub prezidenti vəzifəsinə qayıdıb.
Onun rəhbərliyi dövründə "Kral klubu" İspaniyada və beynəlxalq miqyasda çoxsaylı titullar əldə edib.
Qeyd edək ki, "Real" dünən öz meydanında "Xetafe"yə 0:1 hesabı ilə uduzub. Madrid təmsilçisi hazırda lider "Barselona"dan 4 xal geri qalaraq, La Liqada ikinci yerdədir.