"Azərbaycanın U-21 millisinin üzərində işləməli olduğu məqamlar kifayət qədərdir".
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Eyubov Bəhreyn yığması ilə yoldaşlıq matçından (3:0) sonra deyib.
Mütəxəssis Türkiyənin İsparta şəhərində baş tutan qarşılaşma barədə danışarkən bəzi məqamlara toxunub:
"Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir. Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir".
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışında olan U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan seçməsinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.