Kriştianu Ronaldu dünya çempionatlarında vurduğu qolların sayına görə futbol üzrə Portuqaliya millisinin yeni rekordunu müəyyənləşdirib.
Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
41 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsində Özbəkistanla oyunda dubl edərək dünya birinciliklərində özünün 9-cu və 10-cu qollarını vurub. Bununla da Ronaldu dünya çempionatlarında 9 qol vuran Portuqaliya millisinin əfsanəsi Eysebionun nailiyyətini geridə qoyub.
Bundan başqa, Ronaldu dünya çempionatı matçında dubl edən tarixdəki ən yaşlı futbolçu olub. O, 41 yaş 138 günlüyündə Özbəkistan millisinin qapısına iki qol vurub. Bununla da hücumçu bir gün əvvəl Avstriyaya qarşı matçda (2:0) 38 yaş 363 günlüyündə dubl edən argentinalı Lionel Messinin rekordunu qırıb.
Həmçinin Ronaldu vurduğu qolların sayına görə özünə məxsus olan dünya rekordunu yeniləyib. 41 yaşlı hücumçunun Özbəkistanın qapısına vurduğu ikinci qol Ronaldu üçün klub və milli komandadakı matçlarda ümumilikdə 975-ci olub. Futbol tarixində heç kim Ronaldu ilə müqayisədə daha çox qol vurmayıb, onun 1 000 qol göstəricisinə çatmasına cəmi 25 top qalıb.
Ronaldu tarixdə həm Avropa çempionatlarında, həm də dünya çempionatlarında ən azı 10 qol vuran ilk oyunçu olub. 41 yaşlı hücumçu Özbəkistanla oyunda dubl edərək dünya çempionatlarında vurduğu qolların sayını 10-a çatdırıb. Portuqaliyalı, həmçinin Avropa çempionatları tarixinin ən yaxşı bombardiridir - o, qitə birinciliklərində 14 qol vurub.