"Sabah" klubu sabiq futbolçusu Jarl Marqarita ilə bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Oxu.Az Sportnet.az-a istinadla xəbər verir ki, Bakı təmsilçisi futbolçunun müqavilə öhdəliklərini pozduğunu əsas gətirərək ondan 810 min avro təzminat tələb edir.
"Sabah" daha əvvəl bununla bağlı FIFA-ya müraciət etsə də, qurumun Mübahisələrin Həlli Palatası klubun iddiasını rədd edib. FIFA tərəflər arasında qarşılıqlı etimadın itirildiyini və əmək münasibətlərinin hər iki tərəfin davranışları nəticəsində sona çatdığını bildirib.
Bakı klubu FIFA-nın qərarından apellyasiya şikayəti verərək işi CAS-a çıxarıb. 2026/A/12177 nömrəli "Football Club Sabah v. Jearl Margharita & Football Club Phoenix Rising" işi üzrə dinləmənin 27 avqust 2026-cı ildə keçirilməsi nəzərdə tutulub.
"Sabah" Marqaritanı məşqləri və oyunları buraxmaqda, məşqçilər korpusunun göstərişlərinə əməl etməməkdə və digər intizam pozuntularına yol verməkdə ittiham edib. Klub həmçinin ABŞ təmsilçisi "Phoenix Rising"in məsuliyyətə cəlb olunmasını və futbolçuya idman sanksiyasının tətbiq edilməsini istəyib.
Qeyd edək ki, Jarl Marqarita 2023/2024 mövsümündə "Sabah"ın formasını geyinib. Hazırda Kürasao millisinin üzvü olan futbolçu 2026-cı il dünya çempionatında iştirak edib.