“Sabah” Basketbol Klubunun yeni baş məşqçisi müəyyənləşib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, şimali makedoniyalı mütəxəssis Boban Mitevlə birillik müqavilə imzalanıb.
50 yaşlı çalışdırıcı “Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışıb. 2011-2013-cü illərdə İran milli komandasına rəhbərlik edib. Boban Mitev son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub.
1994-cü ildə məşqçilik karyerasına başlayan Mitev 1999/2000-ci illər mövsümündə MZT klubu ilə Makedoniya kubokunun qalibi olub və ölkə çempionatını ikinci sırada başa vurub. 2007/2008 mövsümündə “Turov” klubu ilə Polşa çempionatının vitse-çempionu olub. Avropada ən yaxşı beş köməkçi məşqçidən biri seçilib. 2010/2011 mövsümündə “Alba Berlin” klubu ilə Almaniya liqasını ikinci sırada bitirib.
O, 2011-ci ildə Çində keçirilən Universiadada Serbiya millisinə qızıl medal qazandırıb. 2012-ci ildə İran yığması ilə Asiya Kubokunun qalibi olan mütəxəssis 2017/2018 mövsümündə Türkiyənin “Banvit” komandasında FIBA Çempionlar Liqasında 1/4 finala yüksəlib. Həmin mövsüm komanda Türkiyə liqasını 4-cü sırada bitirib. Mitev 2018/2019 mövsümündə “Monako” klubunun heyətində Fransa çempionatının vitse-çempionu olub.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Basketbol Liqasının qalibi olan “Sabah”ı Elşən Yusubov çalışdırıb. O, kluba idman direktoru təyin edilib.
