“Neftçi” futbolçuları Şimali Makedoniyanın “Şkupi” klubu üzərində qələbəni dəyərləndirib.
İkinci qolda məhsuldar ötürmənin müəllifi, komandanın kapitanı Emin Mahmudov və “Neftçi”nin cari mövsüm avrokuboklarda ilk qolunun müəllifi, Mərakeş əsilli belçikalı futbolçu Sabir Buqrin fikirlərini "Neftçi" klubunun saytına bildiriblər.
Emin Mahmudov: “Çox çətin oyun oldu. Rəqib çox qapalı oynadı deyə, hücum etməyə çətinlik çəkdik. Daha çox cinahdan oynamaq istəyirdik, çünki rəqib bizi mərkəzdən sıxışdırırdı. Nəticədə cinah ötürməsindən sonra qol vurduq. Oyuna daha çox nəzarət etməliyik.
İlk hissənin sonlarında yersiz top itirməyə başladıq. Şükür Allaha, mərhələni keçdik, amma Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıyıq. Məşqçimiz mərkəzdən daha az oynamağımızı tapşırdı deyə, sonuncu dəqiqəni saymasaq, ikinci hissədə rəqib əks-hücum yarada bilmədi”.
Sabir Buqrin: “Çətin oyun idi, amma qələbə qazandığımız üçün gözəl hisslər keçirirəm. Rəqib bütün komanda ilə arxaya çəkilmişdi. Buna görə də qol vurub onların qapanmasının qarşısını almalı idik ki, bunu da bacardıq. Komandamıza inamım böyükdür. İnanın ki, əgər biz komanda şəklində oyuna tam köklənsək, rəqibin kimliyindən asılı olmayaraq qalib gələrik”.
Qeyd edək ki, “Neftçi” dünən UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Şkupi”yə 2:1 qalib gəlib.