“Mahirin “Dinamo”da oyunlarının sayı az ola bilər. Çünki individual hazırlaşmaqla komanda ilə birgə hazırlıq keçmək arasında böyük fərq var”.
Bunu Oxu.Az-a AFFA Məşqçilər Komitəsinin üzvü, millimizin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
O, Xorvatiyanın ən köklü klubu olan Zaqreb “Dinamo”su ilə 4,5 illik müqavilə bağlamış millimizin futbolçusu Mahir Emreli barədə danışıb. Onun sözlərinə görə, müqavilənin uzun müddətli olması futbolçumuzun xeyrinə olan məsələdir:
“Dinamo” futbolçu üçün perspektivli klubdur. Oradan həmişə böyük futbolçular Avropaya transfer olunub. Böyük klublar bu komandanın oyunlarını həmişə diqqətlə izləyib. Mənə elə gəlir ki, Zaqreb “Dinamo”su və Portuqaliyadan “Portu” bu barədə fərqlənir. Mahirin də gələcəyi əmin əllərdədir. Axır ki, Mahirin futbolsuz günlərinə son qoyuldu”.
O, Mahir Emrelinin Polşanın “Legiya” klubu ilə yaşadığı problemə isə bu cür reaksiya verib:
“Əlbəttə ki, onun futbolsuz qalması ağrıdıcı məsələ idi. Çünki gün keçdikcə bu futbolçu formasından uzaqlaşırdı, transfer qiyməti aşağı düşürdü, ona tələbat azalırdı. Mən burada Mahirin yox, menecerlərin böyük səhvini görürdüm. Onu düzgün yola yönləndirməmişdilər. Futbolda prinsipiallıq hər zaman doğru yol olmur. Mahir də bu səhvin qurbanı olacaqdı. Ancaq şükür ki, sonda hər şey Mahirin istədiyi kimi oldu”.
Qeyd edək ki, “Dinamo” dünən Xorvatiya çempionatında “İstra 1961” komandası ilə qarşılaşıb. Gözlənildiyi kimi, bu matçda formasından uzaq olan Mahir Emreli heyətdə yer almayıb. “Dinamo” bu səfər matçında Mahirin hücumdakı əsas rəqiblərindən olan Mislav Orşiçin dublu ilə 2:1 qalib gəlib. Hazırda komanda 46 xalla çempionatın vahid lideridir.
Səbuhi Musa