Onlayn Şahmat Olimpiadasında millimiz yer aldığı B qrupunda turnir cədvəlinə başçılıq edir.
Oxu.Az-ın xəbərinə görə, dünən Niderlanda 3,5:2,5, Macarıstana 5:1 və CAR-a 5,5:0,5 hesablarına qələbə qazanan komandamız altı xal toplayıb.
Üç turun nəticəsinə əsasən maksimum xal toplayan yeganə komanda yığmamız olub. Hazırda millimizi turnir cədvəlində beş xalla Ukrayna izləyir.
Ümumiyyətlə, Top Divizionun A qrupunda Hindistan, Çin, Almaniya, C qrupunda Rusiya və D qrupunda ABŞ millimiz kimi maksimum xal toplaya bilib.
Yığmamız bu gün daha üç turun görüşlərini keçirəcək. Komandamız Ukrayna, Slovakiya və Qazaxıstan yığmaları ilə üz-üzə gələcək.
Xatırladaq ki, qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanır.
Səbuhi Musayev