Bu gün Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Milli Paralimpiya Komitəsinin (AMPK) mətbuat konfransı keçirilib. Konfrans cari ilin ötən altı ayının nəticələrinə, eləcə də ilin sonuna qədər yerinə yetirilməsi nəzərdə tutulan strateji məsələlərin müəyyənləşdirilməsinə həsr edilib.
“Biz qarşımıza ciddi məsələlər qoyuruq və onlardan əsasları 2014-cü ilin ikinci yarısı və gələn il üçün nəzərdə tutulub. Keçən il cari il ilə müqayisədə “hazırlıq” kimi qiymətləndirilə bilər, belə ki, paralimpiyaçılar üçün müxtəlif turnirlər, tədris-məşq yığımları keçirilib”.
Bu barədə mətbuat konfransında Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov deyib.

Onun sözlərinə görə, bu ildən başlayaraq daha fəal şəkildə məşqlər, yarışlar keçirilir. Bu isə bizim paralimpiyaçılarımızın 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacaqları ilə əlaqədardır.
“Bizim idmançılar bunun üçün lazım olan lisenziyaların alınması üçün mübarizə aparacaqlar. Ona görə də qarşıda bizi böyük işlər gözləyir”.
Ş.Həmidov qeyd edib ki, 2014-cü ildən başlayaraq Azərbaycanda artıq tətbiq edilən paralimpiya idman növlərindən: cüdo, atletika, güllə atıcılığı, pauerliftinq, oturaq voleybol, qolbol, üzgüçülük, yaydan atıcılıqdan başqa, yeni – adaptasiyalı avarçəkmə, arabalarda qılıncoynatma, stolüstü tennis, kanoe, boççe kimi idman növləri də təqdim edilib.
“Bundan başqa bizim ölkədə rəsmi paralimpiya növlərinə aid olmayan, amma məhdud fiziki imkanları olan idmançıların iştirakı nəzərdə tutulan: arabalarda rəqs, taekvondo, boulinq kimi digər idman növləri də inkişaf etməyə başlayıb”, - Ş.Həmidov qeyd edib.
AMPK-nin vitse-prezidenti, həmçinin qeyd edib ki, komitənin əsas məsələlərindən biri də beynəlxalq əlaqələrin genişləndirilməsidir.

“Bizim bu sahədə təcrübəmiz var. Belə ki, AMPK Macarıstan və Polşa Paralimpiya komitələri ilə ikitərəfli əməkdaşlıq barədə memorandum imzalayıb. Bununla yanaşı Böyük Britaniya, Niderland və Braziliya paralimpiya təşkilatları ilə də əməkdaşlıq yaratmağı planlayır. İndi bu istiqamətdə ikitərəfli danışıqlar aparılır”.
Ş.Həmidov qeyd edib ki, AMPK-nin fəaliyyəti hakimiyyət və şəxsən dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət görür.
Bu isə komitə qarşısında mühüm vəzifələr qoymağı və onların uğurlu həllini təmin edir.
Xatırladaq ki, keçən ilin sonunda Prezident İlham Əliyev AMPK-nin maddi-texniki bazasının möhkəmləndirilməsinə istiqamətlənmiş əlavə tədbirlərin həyata keçirilməsi barədə sərəncam imzalayıb. Bunun üçün dövlət başçısının ehtiyat fondundan 500 min manat ayrılıb.
Gülnarə Zeynalova
www.oxu.az