“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Sabah”la ev oyununu şərh edib.
Mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:
“Sabah”a qarşı əvvəlki oyunlarımız da maraqlı alınıb. Futbolçulara həmin matçlardakı səhvləri təkrarlamamaqla bağlı tapşırıqlarımız var idi. İkinci dövrədə səfərdə “Sabah”dan xal almışdıq. Bu, gənclərimiz üçün üç xala bərabər idi. Bugünkü matç isə altı xallıq idi. Futbolçularımızı təbrik edirəm və bağrıma basıram. Hər iki komanda üçün vacib oyun idi.
Biz son pillədən xilas olmaq istəyirdik. “Sabah” isə çempionluq uğrunda mübarizə aparır. Bəziləri artıq fikirləşirdilər ki, “Şamaxı” Premyer Liqanı tərk edib. Amma aşağı pillələrdə qərarlaşan komandalar bir-birinə yaxındırlar. Bir qələbə ilə üç pillə irəlilədik. Bu gənc futbolçuları itirmək olmaz. Onları milli komandalara hazırlamalıyıq. “Sabah” favorit hesab edilirdi. Oyunun gedişatı isə bərabər oldu. Sevinirik ki, azərbaycanlı uşaqlar səviyyəli legionerlərlə başabaş mübarizə aparırdılar”.