Shamkir Chess superturnirinin 5-ci turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlub olan rusiyalı qrossmeyster Vladimir Kramnik mətbuat konfransına gəlməyib.
Oxu.Az xəbər verir ki, o, 7 saatlıq mübarizədən sonra Heydər Əliyev Mərkəzindən birbaşa otelə gedib.
Beləliklə də, Şəhriyar Məmmədyarov KİV-in suallarını təkbaşına cavablandırıb.
“Mən Xantı-Mansiyskdə iddiaçılar turnirində Kramnikə uduzdum, - deyə, azərbaycanlı qrossmeyster bildirib. – O partiyada mənim böyük üstünlüyüm var idi, qalib gəlməli idim. Lakin sonra partiyanın gedişi dəyişdi, Kramnik qələbə qazandı. Ona görə də, bu gün qalib gəlməyi çox istəyirdim.
Bilirəm ki, azərbaycanlı şahmatçılar bir dəfə də olsun Kramnikə qalib gələ bilməyiblər. Bizim qrossmeysterlər müxtəlif illərdə Anand və Karlsenə qalib gəlsələr də, Kramniki udmaq mümkün olmurdu. İndi Azərbaycan şahmatçıları rahat nəfəs ala bilərlər (gülür).
Kramnik mətbuat konfransına niyə gəlmədi? Yəqin yorulub, biz yeddi saata yaxın oynamışıq. Lakin demək istəyirəm ki, Xantı-Mansiyskdəki məğlubiyyətdən sonra mən özümdə güc tapdım və mətbuat konfransına gəldim, baxmayaraq ki, həmin vaxt özümü çox pis hiss edirdim”.
F.H.
www.oxu.az