Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VI turunda niderlandlı Yorden van Foreestlə üz-üzə gələcək.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə, beşinci turda niderlandlı Aniş Qiriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kjıştof Dudaya uduzub.
Hazırda 6 xalı olan Məmmədyarov Aniş Qiri ilə birlikdə 6-7-ci yerləri bölüşdürür.
Qeyd edək ki, sürətli şahmat sistemi ilə keçirilən yarışmada “rapid”də qələbəyə görə 3 xal, “blits”də 2 xal, məğlubiyyətə görə isə 1 xal verilir.
Sabah başa çatacaq turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.