Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunan çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku”nun final oyunu keçirilib.
Federasiyadan Oxu.Az-a verilən məlumata görə, final oyununda “Sərhədçi” komandası ilə “Polad” qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə əsas hissə 1:1 hesablı bərabərliklə bitib. Qaydalara əsasən, oyuna 20 dəqiqə vaxt əlavə olunub. Həmin vaxtda da komandalar qarşılıqlı olaraq rəqib qapısına bir dəfə yol tapa biliblər. Bununla da, oyunun taleyini penalti zərbələri müəyyən edib. Penaltilərdə önə keçən “Sərhədçi” ümumi hesabda rəqibi üzərində 4:3 hesablı qələbə qazanaraq “Prezident Kuboku”nun sahibi olub.
“Buta Qolden” və “Sərhədçi 2-Dilbaz” komandaları arasında keçirilən üçüncülük uğrunda görüşdə isə birincilər rəqibinə 3:0 hesabı ilə qalib gələrək turniri üçüncü yerdə bitirib.
Turnirin bombardiri, eyni zamanda, ən məhsuldar oyunçusu “Polad” komandasının doqquz qola imza atan hücumçusu Şəhriyar Ağayev olub. Qaliblərə Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev tərəfindən kubok, medal və diplomlar təqdim olunub.