AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, o, müzakirə olunan məsələlər barədə açıqlama verib:
“İclasın gündəmində müxtəlif məsələlər var idi. Əsas müzakirə mövzularından biri I və II Divizionla bağlı idi. Premyer Liqada komanda sayında dəyişiklik olmayacaq. Nizamnaməyə uyğun olaraq, elitada 10 komanda qalacaq. Bu məsələ müzakirə edilmədi. Öncədən də qeyd etdiyimiz kimi, sonuncu yeri tutan kollektiv çempionatı tərk edir. Bu, “Şamaxı” klubudur. I Divizionda çempion olmuş “Araz Naxçıvan” Premyer Liqaya vəsiqə qazanıb. Nizamnaməyə uyğun olaraq, bir komanda çempionatı tərk etməli, biri isə gəlməlidir”.
Funksioner iclasdan sonra İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovun elitada 12 komandanın olacağı ilə bağlı açıqlamasını belə şərh edib:
“Mənə o məsələni dedilər. Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb”.
Baş katibin sözlərinə görə, bütün liqalar arasında düşmə-qalxma mexanizmi mövcud olacaq:
“Bilirsiz ki, əvəzedici komandaların I Diviziondan ayrılması ilə bağlı qərar qəbul olunmuşdu. Bu, o deməkdir ki, liqada 6 komanda qalırdı. I Divizionda iştirak etmək üçün 4 yeni komanda təsdiq olundu. II Divizion yaradıldı və bura 12 komandanın buraxılması ilə bağlı qərar qəbul olundu. Bu liqa yarıpeşəkar statusda olacaq. Lakin Premyer Liqa, I Divizion və II Divizion bir-birinə bağlı liqalardır. Hər birində idman prinsipləri qorunacaq. Növbəti mövsümdə liqaların hərəsini bir komanda tərk edəcək, biri isə gələcək. Hazırda II Diviziondan I Divizionda yüksəlmə sxeminin üzərində işləyirik. Çempionatdan əvvəl bütün komandalara bu format barədə məlumat veriləcək. Ola bilər ki, bir komanda tərk etsin, sondan əvvəlki yerləri tutanlar bir-biri ilə pley-off oynasın. Bu formatlar üzərində hazırda PFL rəhbərliyi ilə birlikdə işləyirik. Öncədən II Divizionun 10 komandadan ibarət olması müzakirə olunurdu. Sonrakı günlərdə belə qərar oldu ki, 12 komanda mübarizə aparsın. Düşünürük ki, bu, müsbət effekt verəcək. Ən azından ona görə ki, yerli futbolçuların sayı artacaq. Hər iki liqada iştirak edəcək komandalar bəllidir. Yaxın zamanda açıqlama veriləcək”.
S.Hacıyev bildirib ki, II Divizionda legioner olmayacaq. I Divizionda isə az sayda əcnəbinin oynamasına icazə veriləcək.
AFFA rəsmisi I Divizion klublarına 300 min manatın, II Divizion iştirakçılarına isə 50 min manatın ayrılacağını əlavə edib.
Faiq Tahirov